Həzrət İmam Həsən Əsgərinin (ə) mövludunun ildönümü günlərinin yetişməsi münasibətilə İmamın və İnqilabın şəhid liderinin İmam Həsən Əsgərinin (ə) şəxsiyyəti ilə bağlı söylədiyi fikirlərin bir hissəsini siz dəyərli ziyalılara təqdim edirik.
*İmam Həsən Əsgərinin (ə) fəzilətinə, şücaətinə və dözümlülüyünə müxaliflərin etirafı
Elə bir İmam ki, tərəfdarları, şiələri, müxalifləri, inanmayanlar – hamısı onun fəzilətinə, elminə, təqvasına, paklığına, eləcə də məsumluğuna, düşmənlər qarşısındakı şücaətinə, çətinliklər qarşısındakı səbir və dözümlülüyünə şahidlik və həmçinin etiraf etdilər. Bu böyük insan, bu əzəmətli şəxsiyyət şəhid edilərkən cəmi iyirmi səkkiz yaşı vardı.
Şiənin şərəfli tarixində bu nümunələr az deyil. Bizim əziz İmamımızın atası, bütün o fəzilətləri, məqamları, eləcə də kəramətləri ilə birlikdə düşmənlərin zəhər və cinayəti nəticəsində dünyasını dəyişərkən cəmi iyirmi səkkiz yaşı vardı;ə. Bu, özü bir böyük örnəkdir. Gənc insan gözünün qarşısında yüksək bir nümunənin olduğunu hiss edir.
Həmin böyük İmam, iyirmi beş yaşında şəhid edilən İmam Cavadsır (ə). İyirmi səkkiz yaşında şəhadətə yetirilən isə İmam Əsgəridir (ə). Bütün bu fəzilət, kəramət, eləcə də əzəmətlər təkcə bizim etiqad bəslədiyimiz və haqqında təriflər söylədiyimiz xüsusiyyətlər deyil, eyni zamanda onların düşmənləri, müxalifləri, imamətinə etiqad bəsləməyənlər belə bunların hamısını etiraf ediblər.
Xalqın və şəhid ailələri və fədakarların bir qrupunun görüşündən çıxış. 29 fevral 2012-ci il
*İmamət iddiası hakimlərin Əhli-beytlə (ə) düşmənçiliyinin əsas səbəbi idi
Bu böyük şəxsiyyətlər daim mübarizə aparırdılar. Əsası siyasi olan bir mübarizə. Çünki hakimiyyət kürsüsündə oturan şəxs də dindar olduğuna iddia edirdi. O da dinin zahiri məsələlərinə riayət edirdi. Hətta bəzən İmamın dini görüşünü də qəbul edirdi. («Məmun» haqqında eşitdiyiniz hadisələrdə olduğu kimi, o, açıq şəkildə İmamın fikrini qəbul etmişdi.) Yəni bəzən fiqhə dair bir görüşü qəbul etməkdən çəkinmirdilər.
Əhli-beytlə (ə) mübarizə və qarşıdurmanın mövcud olmasına səbəb olan məsələ bu idi ki, Əhli-beyt özlərini «İmam» hesab edirdilər. Deyirdilər: «Biz İmamıq». Həzrət İmam Baqir (ə) Minada olarkən buyurdu: «إِنَّ رَسُولَ اللهِ کانَ الْاِمامُ» və İmamların hamısının adını bir-bir sadalayaraq özünə çatdı və buyurdu: «Mən İmamam».
Hakimlərlə ən böyük mübarizə məhz bu idi. Çünki hakimiyyətə gəlmiş və özünü İmam və rəhbər hesab edən şəxs görürdü ki, İmam üçün zəruri olan dəlil və əlamətlər həzrət İmam Həsən Əsgəridə (ə) var, onda isə yoxdur və bu şəxsi hakimiyyət üçün təhlükəli hesab edirdi, çünki o, iddia sahibidir.
Hakimlər bu mübarizə ruhu ilə döyüşürdülər, İmamlar (ə) isə dağ kimi möhkəm dayanırdılar. Aydındır ki, bu mübarizədə İmamların təbliğ etdikləri maarif, fiqh hökmləri, mənəvi və əxlaqi xüsusiyyətlər də öz yerini tutur. Şagirdlərin sayının artırılması və şiələrlə əlaqələr günbəgün genişlənirdi. Şiəni qoruyub saxlayan məhz bunlar oldu.
Təsəvvür edin, iki yüz əlli il ərzində ona qarşı hakimiyyət qurulmuş bir məram var! Əslində, ondan heç nə qalmamalı, tamamilə aradan getməli idi. Lakin indi dünyada baş verənlərə və şiənin gəlib çatdığı yerə baxın!
Bu məqamı İmam Sadiq, İmam Hadi və İmam Həsən Əsgəri (ə) haqqında oxunan şeirlərdə yaxşı görmək lazımdır. Onlar mübarizə aparırdılar və məhz bu mübarizəyə görə canlarını itirdilər. Bu, müəyyən bir məqsədə doğru davam edən bir yoldur. Bəzən biri geri dönür, digəri bu tərəfə gedir, amma məqsəd birdir.
20 iyun 2001-ci il.
Həzrət İmam Cavadın (ə) dövründən həzrət İmam Həsən Əsgərinin (ə) dövrünə qədər şiələrin bir-biri ilə əlaqələri heç vaxt olmadığı qədər geniş olmuşdur
Həzrət İmam Rza (ə), həzrət İmam Cavad (ə), həzrət İmam Hadi (ə) və həzrət İmam Həsən Əsgərinin (ə) dövründə şiələrin əlaqələri heç vaxt olmadığı qədər geniş olmuşdur. Heç bir dövrdə şiələrlə əlaqələr və şiə təşkilatlanmasının İslam dünyasının hər yerində yayılması həzrət İmam Cavad (ə), həzrət İmam Hadi (ə) və həzrət İmam Həsən Əsgərinin (ə) dövründəki qədər olmamışdır.
Vəkillərin və naiblərin mövcudluğu, həmçinin həzrət İmam Hadi (ə) və həzrət İmam Həsən Əsgəridən (ə) nəql edilən həmin hadisələr – məsələn, bir şəxsin pul gətirməsi və İmamın onunla bağlı hansı işin görülməsini müəyyən etməsi – bunun göstəricisidir.
Yəni bu iki böyük İmamın Samərra şəhərində, onlardan əvvəl isə müəyyən mənada həzrət İmam Cavadın (ə), başqa bir mənada isə həzrət İmam Rzanın (Allahın salamı olsun ona) nəzarət altında olmasına baxmayaraq, xalqla əlaqələr bu şəkildə genişlənməkdə davam etdi. Bu əlaqələr həzrət İmam Rzanın dövründən əvvəl də mövcud idi. Lakin həzrət İmam Rzanın (ə) Xorasana gəlişi bu məsələyə çox böyük təsir göstərdi.
9 avqust 2005-ci il.
Həmin böyük şəxsiyyətlərin böyük bir qəriblik içində olması həqiqətən də belədir. Mədinədən, ailələrindən və öyrəşdikləri mühitdən uzaq idilər. Lakin bununla yanaşı, bu üç İmam ( Həzrət İmam Cavadın dövründən həzrət İmam Həsən Əsgərinin dövrünə qədər ) haqqında başqa bir məqam da var. Həzrət İmam Həsən Əsgərinin (ə) dövrünün sonuna doğru irəlilədikcə bu qəriblik daha da artır.
Bu üç İmamın dövründə İmamların nüfuz dairəsi və şiələrin əhatə etdiyi ərazi İmam Sadiq (ə) və İmam Baqirin (ə) dövrü ilə müqayisədə bəlkə də on dəfə çox idi. Bu, həqiqətən də təəccüblü bir məsələdir. Bəlkə də onları bu şəkildə təzyiq və sıxıntı altında saxlamalarının səbəbi məhz bu məsələ idi.
10 may 2003-cü il.
İmam Həsən Əsgəri (ə) Samərra şəhərində bütün İslam dünyası ilə əlaqə yaratmışdı
Həzrət İmam Rzanın (ə) İrana doğru hərəkətindən və Xorasana gəlişindən sonra baş verən hadisələrdən biri məhz bu idi. Bəlkə də səkkizinci İmamın (ə) hesablamalarında bu məsələ də nəzərdə tutulmuşdu.
Bundan əvvəl şiələr hər yerdə tək-tək idilər, lakin bir-biri ilə əlaqəsiz, ümidsiz, heç bir perspektivləri və heç bir ümidləri olmadan yaşayırdılar. Xəlifələrin hakimiyyəti də hər yerdə hökm sürürdü. Ondan əvvəl isə həmin fironvari qüdrəti ilə Harun var idi.
Həzrət İmam Rza (ə) Xorasana doğru gəlib bu yoldan keçərkən xalqın qarşısında elə bir şəxsiyyət meydana çıxdı ki, elm, əzəmət, şövkət, doğruluq və nuraniyyətin hamısını onların gözü qarşısında nümayiş etdirirdi. Xalq heç vaxt belə bir şəxsiyyət görməmişdi.
Bundan əvvəl şiələrin neçəsi Xorasandan hərəkət edib Mədinəyə gedərək İmam Sadiqi (ə) görə bilərdi? Lakin bu uzun yol boyunca hər yerdə insanlar İmamı yaxından gördülər. Bu, həqiqətən də qeyri-adi bir hadisə idi. Sanki insan Peyğəmbəri (s) görürdü.
O mənəvi heybət və əzəmət, izzət, əxlaq, təqva, nuraniyyət və həmçinin geniş elm – nə soruşursansa, nə istəyirsənsə, onun əlində var, xalqın ümumiyyətlə görmədiyi bir şey – böyük bir həyəcan və canlanma yaratdı.
İmam Rza (ə) Xorasana və Mərvə çatdı. O zaman mərkəz də Mərv idi. hazırda Türkmənistan ərazisində yerləşir. Bir-iki ildən sonra isə həzrət İmam Rzanın (ə) şəhadəti baş verdi və xalq matəmə qərq oldu.
Həm İmamın gəlişi – xalqın görmədiyi və eşitmədiyi şeylərin bir təzahürünü nümayiş etdirməsi – həm də həmin böyük şəxsiyyətin şəhadəti – böyük bir matəm yaratması – əslində bu bölgələrin bütün mühitini şiələrin ixtiyarına verdi. Bu o demək deyildi ki, mütləq hamı şiə oldu, lakin hamı Əhli-beyt dostuna çevrildi...
İmam Rzadan (ə) həzrət İmam Həsən Əsgərinin (ə) şəhadətinə qədər belə bir hadisə baş verdi. Həzrət İmam Hadi (ə) və həzrət İmam Həsən Əsgəri (ə) məhz Samərra şəhərində – əslində qarnizona bənzəyən bu şəhərdə – bütün bunları həyata keçirə bilmişdilər. Samərra elə də böyük şəhər deyildi. «Surru mən raə» adlanan yeni salınmış paytaxt idi. Orada hökumətin başçıları, əyanları və nüfuzlu şəxsləri, eləcə də gündəlik ehtiyacları təmin etmək üçün müəyyən sayda adi insanlar toplanmışdı.
Onlar bütün İslam dünyası ilə bu qədər geniş əlaqələri təşkil və tənzimləyə bilmişdilər. İmamların həyatının müxtəlif tərəflərinə nəzər saldıqda, onların nə iş gördüklərini anlayırıq.
Deməli, məsələ yalnız namaz və oruc, yaxud təharət və nəcasət məsələlərinə cavab verməkdən ibarət deyildi; onlar «İmam» mövqeyində – bu sözün İslamdakı həqiqi mənası ilə – dayanır və xalqla danışırdılar.
Mənim fikrimcə, bu məqam İmamların fəaliyyətinin digər tərəfləri ilə yanaşı, diqqətəlayiqdir. Görürsünüz ki, həzrət İmam Hadini (ə) Mədinədən Samərraya gətirirlər və o, gənc yaşlarında – qırx iki yaşında – şəhid edilir. Yaxud həzrət İmam Həsən Əsgəri iyirmi səkkiz yaşında şəhadətə yetir. Bunların hamısı İmamların (ə), onların şiələrinin və səhabələrinin tarix boyu həyata keçirdikləri böyük hərəkatın göstəricisidir.
Xəlifələrin aparatı sərt tədbirlərə əl atan polis aparatına çevrilmiş olsa da, buna baxmayaraq, İmamlar (ə) bu şəkildə uğur qazana bildilər. Məqsəd budur ki, qəribliklə yanaşı, bu izzət və əzəməti də görmək lazımdır.
10 may 2003-cü il.
Rəyiniz